ADSEA sədr müavini və Agentliyin nümayəndəsi 2026-cı il BMT Su Konfransı üzrə Asiya-Sakit okean regional hazırlıq görüşündə iştirak ediblər
Tacikistanın paytaxtı Düşənbə şəhərində 2026-cı il BMT Su Konfransı üzrə Asiya-Sakit okean regional hazırlıq görüşü keçirilib.
Tacikistan hökuməti və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov və Agentliyin nümayəndəsi Hafiz Məmmədov iştirak ediblər.
Görüş zamanı Asiya-Sakit okean regionunda su təhlükəsizliyi, təmiz suya çıxışın genişləndirilməsi, su problemlərinin həllində inteqrasiya olunmuş yanaşmaların tətbiqi, eləcə də innovativ strategiya və texnologiyalar ətrafında müzakirələr aparılıb.
Tədbirdə regional əməkdaşlığın gücləndirilməsi və qlobal su gündəliyinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb, görüşün nəticələrinin 2026-cı ilin sonunda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək BMT Su Konfransına töhfə verəcəyi vurğulanıb.