ADSEA-da 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Agentlik və Su Ehtiyatları Agentliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Agentliyin rəhbərliyi çıxışlar edərək qurumda çalışan xanım əməkdaşları təbrik edib, onlara fəaliyyətlərində uğurlar və xoş arzular bildirib. 

Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədov çıxışı zamanı Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində fəal rol oynadığını, ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm xidmətlər göstərdiyini vurğulayıb. 

Çıxışlar zamanı bildirilib ki, şərqdə qadınlara ilk səsvermə hüququ verən dövlət məhz Azərbaycan olmuşdur. Bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətində qadınların rolu və fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, hazırda Agentlikdə və tabeli qurumlarda ümumilikdə 4000-ə yaxın xanım əməkdaş müxtəlif sahələrdə fəaliyyət göstərir. Onlar həm rəhbər vəzifələrdə, həm də xidmət sahələrində məsuliyyətlə çalışaraq Agentliyin fəaliyyətinə mühüm töhfələr verir və qurumu yüksək səviyyədə təmsil edirlər.

Digər