ADSEA və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq çərçivəsində tələbələr üçün yeni tədris imkanları yaradılıb
Dünyada su ehtiyatlarının azalması, qlobal iqlim dəyişiklikləri və su təhlükəsizliyinin aktuallığı fonunda su mühəndislərinin yüksək ixtisaslı hazırlanması məqsədilə AzMİU-nun “Mexanika və İnformasiya Texnologiyaları” fakültəsinin və “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının nəzdində “Hidrotexniki qurğular” üzrə yeni tədris kabinetləri istifadəyə verilib.
Tədris kabinetlərinin açılış mərasimi ADSEA-nın sədr müavini İlham Bayramov və AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın iştirakı ilə keçirilib.
Yeni kabinetlərdə interaktiv mühazirələrin tədrisi, simulyasiya proqramlarından istifadə, rəqəmsal tədris resurslarına çıxış və hidravliki proseslər üzrə praktiki məşğələlərin təşkili üçün bütün imkanlar yaradılıb. Bundan əlavə, suyun monitorinqi, rəqəmsal xəritələşdirmə, dron və sensor texnologiyalarının tətbiqinə dair ayrıca təlim otağı formalaşdırılıb.
Təşəbbüs çərçivəsində tələbələr üçün istehsalat təcrübələri, sahəvi təlim proqramları, seminarlar, həmçinin birgə elmi layihələrin icrası nəzərdə tutulur. Bu əməkdaşlıq tələbələrin innovativ həllər, startaplar və süni intellektə əsaslanan su idarəçiliyi modelləri üzərində işləməsinə geniş şərait yaradır.
ADSEA və AzMİU arasında formalaşan bu əməkdaşlıq modeli ölkədə su təhlükəsizliyinin və dayanıqlı idarəetmə strategiyasının inkişafına mühüm töhfə verəcək.