Qax rayonunda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub
Qax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov , Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və digər dövlət rəsmiləri iştirak ediblər.
Tədbirdə iştirak edən Xəyyam Məmmədov bildirib ki, “Su Ehtiyatlarından Səmərəli İstifadəyə dair Milli Strategiya”, 2022–2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyası, “Böyük Qayıdış” Proqramı, eləcə də yeni təsdiqlənmiş Dövlət Proqramı çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ölkə miqyasında sistemli addımlar atılır və kompleks islahatlar həyata keçirilir. Əsas məqsədimiz suvarma infrastrukturunun yenilənərək müasirləşdirilməsi, su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması və fermerlərimizin etibarlı, dayanıqlı su təminatı ilə təchiz edilməsidir.
Müşavirə çərçivəsində aidiyyəti qurumlar, fermerlər və sahibkarlarla fikir mübadiləsi aparılıb, Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.