Biləsuvar şəhərində Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub.

Biləsuvar şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və digər dövlət rəsmiləri iştirak ediblər.

Tədbirdə iştirak edən Xəyyam Məmmədov bildirib ki, kənd təsərrüfatının inkişafı yalnız yeni su mənbələrinin yaradılması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd hər kubmetr sudan daha yüksək səmərə ilə istifadə olunmasına nail olmaqdır. Bu baxımdan damcı suvarma, yağmurlama və pivot sistemləri kimi müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu texnologiyalar su sərfiyyatını azaltmaqla yanaşı məhsuldarlığın və iqtisadi səmərəliliyin artmasına da xidmət edir. Yeni Dövlət Proqramı çərçivəsində bu innovativ sistemlərin genişləndirilməsi, rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması, eləcə də fermerlərimizin maarifləndirilməsi diqqət mərkəzində olacaqdır.

Müşavirə çərçivəsində aidiyyəti qurumlar, fermerlər və sahibkarlarla fikir mübadiləsi aparılıb, Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Digər