Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri Londonda beynəlxalq mükafat ilə təltif ediliblər
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov və Agentliyin nümayəndələri, eləcə də ölkəmizin aparıcı qurumlarını təmsil edən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) digər üzvləri Azərbaycan nümayəndə heyəti tərkibində Böyük Britaniyada keçirilən beynəlxalq sammitdə iştirak ediblər.
Böyük Britaniyanın nüfuzlu peşəkar mühasib təşkilatı- ICB/ICFM tərəfindən təşkil olunan bu tədbir maliyyəçilərin, mühasiblərin qlobal mühitdə baş verən dəyişikliklərə praktiki və nəzəri cəhətdən hazırlıqlı olmasına imkan yaradacaq, etik risklər, hesabatlılıq, davamlılıq və rəqəmsallaşma ilə bağlı yeni çağırışları əhatə edib. Sammit iştirakçıları üçün həmçinin Böyük Britaniyanın parlamentində işgüzar nahar yeməyi və beynəlxalq mühasibat təşkilatlarının nümayəndələri ilə görüşlər təşkil olunub, maliyyə mütəxəssislərinin peşəkar inkişafı üzrə beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Sammit çərçivəsində Maliyyə dünyasının Oskarı sayılan, Luca Paciolinin şərəfinə təsis edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu Beynəlxaq LUCA AWARDS 2025 mükafatının təqdimat mərasimi keçirilib.
Hər zaman maliyyə peşəsinin inkişafına verdikləri töhfələrlə seçilən APFM üzvləri bir sıra nominasiyalar üzrə “LUCA Awards 2025” mükafatına layiq görülüblər. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Maliyyə və təminat şöbəsinin müdiri Anar Əliyev və Maliyyə sektorunun müdiri Xanlar Salmanzadə də öz kateqoriyaları üzrə “LUCA Awards 2025” mükafatı ilə təltif ediliblər.
Tədbirin fəxri qonağı – Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi Eltay Aslanov çıxışı zamanı APFM üzvlərini təbrik edərək onların beynəlxalq platformadakı uğurlarını yüksək qiymətləndirib.
Qeyd edək ki, LUCA nominasiyaları üzrə namizədlər ilkin mərhələdə hər ölkədə ICB/ICFM nümayəndəliyi tərəfindən nəzərdən keçirilir, təsdiqlənir, müraciətlər və tövsiyələr vasitəsilə növbəti seçim mərhələsi üçün ICB/ICFM Beynəlxalq Şuraya təqdim olunur. Agentliyin əməkdaşları ICFM beynəlxalq sertifikasiya proqramları üzrə imtahanlarda yüksək nəticələr göstərib və hazırda da digər maliyyə və daxili audit modulları üzrə təlimlərdə iştirak edirlər.