Sabirabad şəhərində pambıqçılığın inkişafına həsr olunmuş müşavirə təşkil olunub. 

Sabirabad şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə pambıqçılığın inkişafına həsr olunmuş müşavirə təşkil olunub. 

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və digər dövlət rəsmiləri iştirak ediblər.

Tədbirdə iştirak edən Zaur Mikayılov bildirib ki, pambıqçılıq ölkəmiz üçün böyük tarixə malik kənd təsərrüfatı sahəsi olmaqla yanaşı, eyni zamanda əhalinin sosial-iqtisadi rifahı və məşğulluğun təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. 2025-ci ildə respublikamızın 23 rayonunda 107 min 492 hektar sahədə pambıq əkini aparılıb və ümumilikdə 3,6 dəfə suvarma suyu ilə təmin edilib. Cari ildə respublikamızın 21 rayonunda pambıq bitkisinin ümumilikdə 90 min 579 hektar sahədə səpini baş tutub və müvafiq qaydada arat və səpsuvar suyu ilə təmin edilib. Hazırda sözügedən əkinlərin qrafikə uyğun olaraq vegetasiya suyu ilə təmin edilməsi davam etdirilir. 

Hamımıza məlumdur ki, pambıq vegetasiya dövründə yüksək rütubət və su tələbatı olan bitkidir. Lakin son illər iqlim dəyişikliklərinin mənfi təsirləri, quraq dövrlərinin uzanması, yağıntıların həcminin dinamik surətdə dəyişməsi və özəlliklə vegetasiya dövrlərində su ehtiyatlarına artan təzyiq bir sıra yeni zərurətlər formalaşdırıb. Bu baxımdan, pambıqçılıq ənənəsi olan xüsusilə Aran, Qarabağ, Şərqi Zəngəzur və Mil-Muğan zonalarında yerləşən rayonlarımızda suvarma infrastrukturunun inkişaf etdirilməsi və su itkilərinin minimuma endirilməsi istiqamətində mühüm layihələr icra olunur.

Müşavirə çərçivəsində aidiyyəti qurumlar, fermerlər və sahibkarlarla fikir mübadiləsi aparılıb, Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Digər