ADSEA və ADNSU arasında əməkdaşlıq çərçivəsində magistr proqramına qəbul olan tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlıq çərçivəsində su ehtiyatlarının idarə olunması sahəsində kadr potensialının artırılması məqsədilə 2025–2026-cı tədris ili üçün elan edilən “Su ehtiyatlarının idarə edilməsi” magistr proqramına qəbul olan tələbələrlə görüş keçirilib.
 
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov tələbələri təbrik edərək onlara təhsil və karyera inkişaflarında uğurlar arzulayıb. O, ölkəmizin su ehtiyatlarının dayanıqlı idarə olunması üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru cənab Rüfət Əzizov öz növbəsində tələbələrə uğurlar arzulayıb, tədris proqramının Avropanın qabaqcıl tədris müəssisələrinin standartlarına uyğun şəkildə, yerli və xarici müəllimlərin iştirakı ilə hazırlandığını qeyd edib. O, həmçinin tələbələr üçün müasir tələblərə cavab verən laboratoriya imkanlarının yaradılacağını və sahə təcrübələrinin təşkil ediləcəyini bildirib.
 
Görüş çərçivəsində həmçinin bildirilib ki, magistr proqramına qəbul olan bütün tələbələrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən “Təhsil təqaüdü” veriləcəkdir.

Digər