“Bakı Su Həftəsi” çərçivəsində III panel müzakirəsi keçirilib
“2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – Baku Water Week” çərçivəsində “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq” mövzusunda III panel müzakirəsi baş tutub.
Mərkəzi Asiyada Beynəlxalq Su İdarəetmə İnstitutunun (IWMI) regional nümayəndəsi Dr. Barbara Jausz-Pawletta panel müzakirəsinə moderatorluq edib.
Panel müzakirəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədirləri üzrə Müşavirənin Baş katibi Kairat Sarybay, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev, Mekorot şirkətinin Beynəlxalq Biznes üzrə direktoru Barak Graber və Tacikistan Respublikası Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Manuçehr Jobir çıxış ediblər.
Panel çərçivəsində sərhədləri aşan su ehtiyatlarının idarə olunmasında regional əməkdaşlıq, diplomatik alətlərin tətbiqi, su təhlükəsizliyi və iqlim dəyişmələrinin yaratdığı yeni çağırışlar müzakirə olunub.