“Bakı Su Həftəsi” Konfransı çərçivəsində “WaterTech Bootcamp” hakatonunun qalibləri mükafatlandırılıb
“Bakı Su Həftəsi” Konfransı çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “WaterTech Bootcamp” hakatonunun qalibləri mükafatlandırılıb. Birinci yerə layiq görülən HydroNET komandasına mükafatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, ikinci yerin sahibi Zəngəzur BANM komandasına GİZ-in iqlim siyasəti üzrə məsləhətçisi Günay Həsənova, üçüncü yer qalibi Hydro Guardians komandasına isə SUP VC şirkətinin icraçı direktoru Rəşad Eyvazov tərəfindən mükafat təqdim olunub.
“WaterTech Bootcamp” hakatonu EU4ClimateResilience və GİZ-in maliyyə dəstəyi ilə, SUP VC və “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu”nun təşkilatçılığı ilə 5–8 sentyabr tarixlərində keçirilib. Layihə gənc mütəxəssislərə, tələbələrə və startap komandalarına su idarəçiliyi və müasir texnologiyalar sahəsində innovativ həllər hazırlamaq imkanı yaradıb.
Dörd gün davam edən proqram çərçivəsində 8 sessiyada 11 təlimçi iştirakçılarla su ehtiyatlarının idarə olunması, rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi üzrə biliklərini bölüşüb. Hakaton mərhələsində iştirak edən 14 komanda 8 mentorun dəstəyi ilə ideyalarını prototipləşdirərək münsiflər heyətinə təqdim edib.
Münsiflər heyətinə “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu”nun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev, ADSEA-nın İT rəhbəri Seymur Sadıxov, GİZ layihə məsləhətçisi Rövşən Abbasov, Dövlət Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini Hasil Abbasov və Tello Technologies-in texniki rəhbəri Fuad Allahverdiyev daxil olub.