“Baku Water Week” çərçivəsində “Xəzər Su İnnovasiya Forumu” keçirilib

2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – Baku Water Week çərçivəsində Aqualink MMC-nin təşkilati dəstəyi ilə “Xəzər Su İnnovasiya Forumu” baş tutub. Tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatlar, akademik dairələr və özəl sektor nümayəndələri iştirak ediblər.
Forumun açılışında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov çıxış edib. O, tədbir iştirakçılarını salamlayaraq bildirib:
 
“Hörmətli qonaqlar, dəyərli həmkarlar, xanımlar və cənablar, sizi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi adından “Xəzər Su İnnovasiya Forumu”nun açılışında salamlayıram. Bugün burada yalnız ölkəmizin deyil, həm də regionun su təsərrüfatı sahəsində ən mühüm məsələləri ətrafında müzakirələr aparmaq üçün bir araya gəlmişik. Forum dövlət qurumları, beynəlxalq təşkilatlar, akademik dairələr və özəl sektorun nümayəndələrinin iştirakı ilə təcrübə mübadiləsi və əməkdaşlıq üçün unikal platformadır.”
 
O, çıxışında ölkəmizdə son illərdə həyata keçirilən islahatlara toxunaraq vurğulayıb ki, Cənab Prezidentin müvafiq Sərəncamı ilə Dövlət Su Komissiyası yaradılıb, su siyasətinin formalaşdırılmasında sektorlararası koordinasiya gücləndirilib. Bununla yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi təsis olunub, Milli Su Strategiyası qəbul edilib, yeni infrastruktur layihələrinin icrasına start verilib, idarəetmədə rəqəmsallaşma və ağıllı texnologiyaların tətbiqi sürətləndirilib.
İlqar Gülməmmədov qeyd edib ki, bütün bu tədbirlərin əsas məqsədi ölkənin su təhlükəsizliyini möhkəmləndirmək, sudan istifadədə səmərəliliyi artırmaq və iqlim dəyişikliklərinin mənfi təsirlərinə uyğunlaşmanı təmin etməkdir.
 
O, özəl sektorun rolunun xüsusi önəm daşıdığını bildirərək, su təsərrüfatında rəqəmsallaşma və innovativ texnologiyaların genişlənməsinin biznes subyektlərinin marağını artırdığını diqqətə çatdırıb. Bu baxımdan “Xəzər Su İnnovasiya Forumu”nun Azərbaycanın su strategiyası üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Digər